YUĞ Teatrında mövsümün yekunlarına həsr olunmuş tədbir keçirilib


YUĞ Dövlət Teatrında
30-cu teatr mövsümünün yekunlarına həsr olunmuş görüş keçirilib. Görüşdə çıxış
edən teatrın direktoru Əməkdar mədəniyyət işçisi İslam Həsənov və baş rejissor Əməkdar
incəsənət xadimi Mehriban Ələkbərzadə yekunlaşan teatr mövsümünün ümumilikdə Azərbaycan
teatrı üçün, o cümlədən YUĞ Teatrı üçün olduqca əlamətdar olduğunu, ölkədə həyata
keçirilən böyük miqyaslı islahatların teatr sənətinin inkişafına müsbət təsirinin
duyulduğunu qeyd qeyd ediblər.

Teatrın baş rejissoru
Mehriban Ələkbərzadə qeyd edib ki, bu il YUĞ Teatrı üçün yetərincə uğurlu və məhsuldar
il olub. Mövsüm ərzində iki yeni tamaşa hazırlanıb. Bunlardan biri Nobel
mükafatçısı Orxan Pamukun “Mənim adım qırmızı” romanının motivləri əsasında
Əbdülqəni Əliyevin quruluşunda hazırlanan “Mən ağacam”,  digəri isə H.İbsenin “Vahimə” əsəri əsasında
Gümrah Ömərin quruluş verdiyi “Vəsvəsə” tamaşalarıdır. Kollektiv R.Akutaqavanın
“Cəngəllikdə” əsəri əsasında hazırlanmış “Müəmmalı bir qətlin üç versiyası”
(quruluşçu rejissor Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə) tamaşası ilə
Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində keçirilən “Novruz”
türkdilli xalqların teatr festivalında iştirak edərək diplomla və Birləşmiş
Dünya Azərbaycanlıları Təşkilatının fəxri fərmanı ilə təltif edilib. 

Teatrın aktyoru Qasım
Nağı Əməkdar artist fəxri adı ilə təltif olunub. Xalq artisti Məmmədsəfa
Qasımova isə Prezident mənzil bağışlayıb.

YUĞ Teatrında həmçinin
yeni beynəlxalq layihə də həyata keçirilir. 
Bolqar rejissor Xristo Stoiçev U.Şekspirin “III Riçard” əsərinə quruluş
vermək üçün dəvət olunub. “Lənət” adı ilə hazırlanan tamaşanın məşqləri artıq
yekunlaşıb. Növbəti mövsümün həmin tamaşa ilə açılması planlaşdırılır.

Teatr Şamaxı, Quba,
Xaçmaz, İsmayıllı və Abşeron rayonlarına qastrol səfəri həyata keçirir.

Teatr həmçinin növbəti
mövsümdə 30 illik yubileyini qeyd etməyə hazırlaşır. Mədəniyyət Nazirliyinin dəstəyi
ilə ilin sonlarında YUĞ Teatrının 30, teatrın qurucusu Vaqif İbrahimoğlunun 70
illik yubileyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçiriləcək.

Teatrın direktoru Əməkdar
mədəniyyət işçisi İslam Həsənov bildirib ki, növbəti mövsümdə teatrın baş
rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin quruluşunda İlqar Fəhminin
əsəri əsasında İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş
tamaşa-kompozisiyanın və Mikayıl Mikayılovun quruluşunda İvan Vırıpaevin pyesi əsasında
“İllüziyalar” adlı yeni səhnə əsərinin hazırlanması planlaşdırılır. Direktor
onu da vurğulayıb ki, kollektiv növbəti mövsümdə xarici səfərlərini davam etdirəcək.
Teatr artıq bir neçə beynəlxalq festivaldan dəvət alıb.

Görüşün sonunda mövsüm ərzində
fərqlənən sənətçilərə diplom və hədiyyələr təqdim edilib. Əməkdar artistlər
Sonaxanım Mikayılova, Gülzar Qurbanova, Fərhad İsrafilov, rejissorlar Gümrah Ömər
və Günay Səttarova teatrın yaradıcılıq həyatında fəal iştirak etdiklərinə görə
təltif ediliblər.


Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*