YUĞ… qayıtdı


Azərbaycan
Dövlət YUĞ Teatrının kollektivi Tatarıstandan səfərdən qayıdıb. Teatr,
Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində keçirilən “Novruz”
türkdilli xalqların teatr festivalında iştirak edib. 
YUĞ Teatrı beynəxlalq festivalda Azərbaycanı R.Akutaqavanın “Cəngəllikdə” əsəri
əsasında hazırlanmış “Müəmmalı bir qətlin üç versiyası” tamaşası ilə təmsil edib. 
Tamaşanın quruluşçu rejissoru teatrın baş
rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı
Vüsal Rəhim, musiqisi tərtibatçısı Əməkdar artist Vüqar Camalzadədir. 
Səhnə əsərində Əməkdar artist Gülzar Qurbanova,
aktyorlar Oqtay Mehdiyev, Əbdülqəni Əliyev, Vüqar Hacıyev, Amid Qasımov, Elşən
Əsgərov çıxış edirlər. 
1-8 iyun tarixlərində Q.Kamal adına Tatarıstan
Dövlət Akademik Teatrının təşkilatçılığı ilə keçirilən XIV Novruz festivalının
proqramına Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan,
Tacikistan və Rusiyanın teatr kollektivlərinin tamaşaları daxil olub.
Festivalda Rumıniyanın Nottara teatrı da Molyer və Bulqakovun əsərləri əsasında
hazırlanmış “Molyer” tamaşası ilə xüsusi qonaq kimi iştirak edib. 
Proqrama əsasən, YUĞ Dövlət Teatrı 5 iyun
tarixində, yerli vaxtla saat 18.30-da K.Tinçurin adına Tatarıstan Dövlət Dram
və Komediya Teatrının səhnəsində çıxış edib. Azərbaycan teatrının tamaşası həm
mütəxəsəssislər, həm də tamaşaçılar tərəfindən müsbət qarşılanıb. YUĞ Teatrı
festivalda iştirakına görə diplomla və Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının
fəxri fərmanı ilə təltif edilib.  


Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*