“Sosial bağlar” layihəsi çərçivəsində 250 ailə üçün meyvə bağlarının salınmasına başlanılıb


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Heydər Əliyev
Fondunun “Regional İnkişaf” İctimai Birliyinin birgə həyata keçirdiyi “Sosial
bağlar” layihəsinin növbəti mərhələsi kimi, 250 ailə üçün intensiv meyvə
bağlarının salınmasına başlanılıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr
və kommunikasiya şöbəsindən AZƏRTAC-a
verilən məlumata görə, özünüməşğulluq proqramına dəstək məqsədilə icra olunan
layihə bağçılıq üçün əlverişli şəraiti olan 34 rayonu əhatə edir. Bu məqsədlə
daxil olan müraciətlər əsasında həssas qruplardan (şəhid ailələri, əlilliyi
olanların ailələri, aztəminatlı ailələr) olan ailələr seçilib. Onlara məxsus
torpaq sahələrində monitorinqlər aparılaraq ehtiyaclar müəyyən edilib.

İlk mərhələdə həmin sahələrin
köhnə ağac və kötüklərdən, kollardan, daşlardan təmizlənərək çəpərlənməsi,
şumlanması, malalanması və digər hazırlıq işlərinin görülməsi nəzərdə tutulur.
Sahələr hazır vəziyyətə gətirildikdən sonra regionun iqlim şəraiti və
xüsusiyyətləri nəzərə alınaraq meyvə tingləri əkiləcək.

Layihə aztəminatlı ailələrin bağçılıq istiqamətində kiçik sahibkarlığa çıxışını stimullaşdırmaqla yanaşı, qeyri-neft sektorunun mühüm sahəsi olan kənd təsərrüfatının inkişafına da əlavə dəstəkdir. Xatırladaq ki, 2018-ci ildə “Sosial bağlar” layihəsi üzrə 41 rayonda həssas qrupları əhatə edən 125 ailə üçün intensiv meyvə bağları salınıb. Yaradılmış təsərrüfatlara aqrotexniki qulluq, sahiblərinə müvafiq məsləhət xidmətləri göstərilib. Layihə çərçivəsində təsərrüfatlara logistika və hazır məhsulun satışının təşkili mərhələlərində də kömək göstərilməsi nəzərdə tutulur. azərtac


Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*