“Mingəçevir Valideynlər Assosiasiyası” çoxmənzilli binalarda yeni idarəetmə formasına nail oldu


“Mingəçevir Valideynlər Assosiasiyası” Ictimai Birliyinin təşəbbüsü və
təşkilatçılığı ilə çoxmənzilli binalarda yeni idarəetmə formasına keçidlə əlaqədar
ümumi yığıncaqların  keçirilməsinə, mənzil
mülkiyyətçilərinin müştərək cəmiyyətlərinin (MMMC) yaradılmasına praktiki və
hüquqi yardımlar  davam etdirilir. Bu məqsədlə
iyulun 14-də Mingəçevirdə, Natəvan küçəsindəki 30/3 saylı, iyulun 16-da isə
Dilarə Əliyeva və Molla Pənah Vaqif küçələrindəki 14 saylı ünvanlarda sahə
mülkiyyətçilərinin yığıncaqları keçirilib. Tədbir Azərbaycan Respublikasının
Prezidenti yanında  Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə gerçəkləşən “Mingəçevirdə çoxmənzilli
binaların mənzil mülkiyyətçiləri tərəfindən idarə olunmasına praktiki və hüquqi
yardımların göstərilməsi” layihəsi çərçivəsində baş tutub. 

30 ailənin yaşadığı Natəvan küçəsinin sahə mülkiyyətçiləri yekdil qərarla “Mingəçevir-1”  Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini təsis edib, Cəmiyyətin Nizamnaməsini təsdiq edib, MMMC-nin idarəetmə orqanlarını müəyyənləşdirib. 3 nəfərdən ibarət İdarə heyəti və 3 nəfərdən ibarət Nəzarət-Təftiş Komissiyası (NTK) 2 il müddətinə seçilib. Məhəllə sakinlərindən Yaqub Soltan oğlu Məmmədov MMMC-nin İdarə Heyətinə, İlahə Məhəmməd qızı Hacıyeva isə NTK-ya başçılıq edəcəklər. İclasda Cəmiyyətin hüquqi ünvanı,  eyni zamanda “Mingəçevir-1”  MMMC-nin dövlət qeydiyyatı ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət edilməsi, bununla əlaqədar bütün zəruri sənədlərin imzalanması üzrə səlahiyyətli şəxs də müəyyən olunub. Razılaşdırılıb ki, “Mingəçevir-1” MMMC ilə bağlı qeydiyyat sənədləri toplu halında hazırlanaraq, yaxın günlərdə Ədliyyə Nazirliyinin Notariat və Qeydiyyat Baş İdarəsinə göndərilsin.

Sakinlərin dediklərinə görə, sovetlər dövründə Natəvan küçəsində
tikilən 30/3 saylı 60 mənzili binanın tən yarısı Əmlak Məsələləri üzrə Dövlət
Komitəsinin tabeliyindədir və bu günədək yarımçıq qalıb.  Digər yarısı isə təhvil-təslim olunmasa da həmin
evdə order alanların şəxsi vəsaiti və Azərbaycan İES rəhbərliyinin köməyi ilə
(orda yaşayanların əksəriyyəti stansiyada işləyib) hazır vəziyyətə gətirilib.  Binaya su, işıq, kanalizasiya və digər
kommunikasiya xətləri çəklib, həyət-baca abadlaşdırılıb, gölgəliklər və
yaşıllıqlar salınıb.  Mövcud ərazi
hazırda Mingəçevirin ən nümunəvi məhəllələrindən hesab oluna bilər. Yaşayışçılar
binanın qarşısındakı ərazidə uşaq meydançası da quraşdırmaq niyyətindədirlər. 

“Mingəçevir-2” MMMC-nin Dilarə Əliyeva, “Mingəçevir-3” MMMC-nin isə M.P.Vaqif küçələində yaşayan sakinlər tərəfindən yaradılmasına başlanıb. İyulun 16-da səhər saat 10-da Dilarə Əliyeva küçəsindəki 14 saylı, axşam saat 7-də isə M.P.Vaqif küçəsindəki 14 saylı binaların sahə mülkiyyətçilərinin yığıncağında iştirakçılara MMMC yaratmaq barədə izahat verilib və sənədlər paketi təqdim olunub. Bir neçə saatlıq müzakirədən sonra sahə mülkiyyətçiləri bildiriblər ki, yaxın günlərdə özləri toplaşaraq MMMC yaratmaq barədə qərar verəcəklər. Mövcud binalar 40 il qabaq kooperativ adı ilə vətəndaşların ödənişi  hesabına inşa olunub.

Esmira Hidayətova, Mingəçevir


Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*