İcra başçısı: “Hələ də bəzi sahələrdə problemlər qalmaqdadır”


2019-cu  ilin birinci rübündə Mingəçevir şəhərinin
sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələri müzakirə
olunub.

 Mingəçevir Şəhər
İcra Hakimiyyətində keçirilən hesabat yığıncağında  Prezident Administirasiyasının məsul işçisi
Vəfadar Bağırov, şəhərin hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat
rəhbərləri  iştirak ediblər.

Şəhər İcra Hkimiyyətinin başçısı İlham İsmayılov
tədbir iştirakçılarını salamladıqdan sonra qeyd edib ki, aprel ayının 30-da
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə
Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.

Başçı qeyd edib ki, iclası giriş nitqi ilə açan dövlət başçısı ölkə iqtisadiyyatının cari ilin birinci rübündə uğurla inkişaf etdiyini vurğulayıb və müxtəlif sahələrdə əldə olunmuş nailiyyətləri təhlil edib: ”Qeyd olunmuşdur ki, cari ilin birinci rübündə ümumi daxili məhsul 3 faiz, sənaye istehsalı 4,4 faiz, qeyri-neft sektorunda isə sənaye istehsalı 15,6 faiz artmışdır. Kənd təsərrüfatı sahəsində artım 3,6 faiz təşkil etmişdir. 2019-cu ilin birinci 3 ayında əhalinin pul gəlirləri 5,5 faiz artmış, inflyasiya 2,1 faiz təşkil etmişdir. Ölkə istisadiyyatına 2,8 milyard dollar sərmayə qoyulub ki, bu sərmayənin 2,0 milyard dolları ölkənin qeyri-neft sektoruna yatırılmışdır.

Dövlət başçısı iclasda yekun nitqində xüsusi
vurğulamışdır ki, 2016-cı ilin dekabr ayında müvafiq fərmanla təsdiq edilmiş,
2017-2020-ci illəri əhatə edən Strateji 
Yol xəritələri uğurla icra olunur, aparılan islahatlar davam edir, hər
bir sahə üzrə çox ciddi addımlar atılır.

Şəhərimizdə də Strateji Yol
xəritələrində icrası nəzərdə tutulan bütün bəndlər üzrə işlər aparılır.
Sahibkarlar üçün əlverişli biznes mühiti yaradılmış, vergi, gömrük və digər
güzəştlərin verilməsində müvafiq köməkliklər göstərilir. Şəhərimizdə icbari
tibbi sığorta sistemi pilot layihəsi tətbiq edilmişdir. Təhsil sahəsində,
xüsusilə peşə təhsili sahəsində islahatlar davam etdirilməkdədir. Elektrik
enerji sisteminin modernləşdirilməsi, kommunal xidmətlər sektorunda
səmərəliliyin yüksəldilməsi istiqmətində aidiyyatı qurumlar tərəfindən
tədbirlər həyata keçirilir”.

İcra başçısı görülən işlərlə
yanaşı, hələ də bəzi sahələrdə problemlərin qaldığını vurğulayıb. Bildirib ki,
hələ də şəhərin bəzi yeni yaşayış massivlərində şəbəkə olmadığı üçün elektrik
enerjisi ilə təminatında problem yaranır. Şəhərin küçə və məhəllədaxili
ərazilərində istifadəsiz beton-dəmir dirəklərin kifayət qədər olmasına
baxmayaraq, onların götürülməsi çox ləng aparılır. Eləcə də vaxtilə səliqəsiz
çəkilmiş kabellər şəhərin estetik görünüşünə xələl gətirir. Digər bir problem
küləkli havalarda elektrik enerjisinin etibarlılığının olmamasıdır.
Ümumiyyətlə, şəhərdə elektrik sisteminin yeraltı kabellərlə əvəz edilməsi
haqqında təkliflər hazırlanmalıdır. Şəhər ərazisində Dövlət proqramı
çərçivəsində içməli su sisteminin 
yenidənqurulması üzrə işlər başa çatmışdır. Hazırda cari ildə
kanalizasiya sistemində yenidənqurma işləri aparılır. Lakin fəaliyyət göstərən
kohnə kanalizasiya şəbəkəsindəki qəzalar zamanı yaşayış binalarının
zirzəmilərinə axan çirkab su axıntıları və 
bu səbəbdən antisanitar vəziyyət əhalidə ciddi narazılıq yaradır.

Sonda başçı qeyd edib ki, ölkə
rəhbəri tərəfindən regionların dinamik inkişafına göstərilən diqqət və qayğı,
şəhərimizin timsalında çox aydın görünür. Mövcud müəssisələrdə modernləşdirmə
və yenidənqurma işləri aparılır, yeni sosial təyinatlı obyektlər inşa edilir.
2019-cu ilin birinci rübünün yekunları və qeyd olunan problemlər daim şəhər
İcra Hakimiyyətinin nəzarətindədir.  Nəzərdə
tutulan işləri, qarşıda duran vəzifələri vaxtında və keyfiyyətlə yerinə
yetirmək üçün şəhər sakinlərini aparılan abadlıq və quruculuq işlərində
yardımçı olmağa çağırırıq”.

 Daha sonra  şəhər həyatının və iqtisadiyyatının bütün
sahələri üzrə yekunlar təhlil edilib. Qeyd olunub ki, şəhərdə fəaliyyət
göstərən idarə, müəssisə və təşkilatlar, eyni zamanda, inzibati ərazi dairələri
üzrə nümayəndəliklər qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə
çalışıblar.

Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov hesabat yığıncağında çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin Mingəçevirə böyük diqqət və qayğısı var: “Prezidentin qayğısı sayəsində   Mingəçevirdə görülən işlər, həyata keçirilən layihələr təqdirəlayiqdir. Mingəçevirdə aparılan işlər şəhər rəhbərliyinin təşkilatçılığı ilə mingəçevirlilərin öz şəhərlərinə olan böyük məhəbbətidir”.

Esmira Hidayətova,
Mingəçevir


Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*