BMU beynəlxalq əməkdaşlığı genişləndirir


  Müasir elmi biliklərə yiyələnmiş akademik heyətə və innovativ maddi-texniki bazaya sahib olan Bakı Mühəndislik Universiteti (BMU) əməkdaşlıq üçün xarici universitetlərin diqqətini cəlb edir. BMU dünyanın bir sıra qabaqcıl universitetləri ilə uğurlu əməkdaşlıq edir. Bu günlərdə universitetlə əməkdaşlığa Gürcüstan Texniki Universiteti də qoşulub.

    Gürcüstan Texniki Universiteti rəhbərliyinin dəvəti ilə Bakı Mühəndislik Universitetinin rektoru professor Havar Məmmədov Gürcüstanda olub. Rektor H. Məmmədov səfər zamanı Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov ilə birlikdə Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad edib.

       
Sonra Gürcüstan Texniki Universitetində (GTU)  əməkdaşlıq müqaviləsi imzalanması məqsədilə
geniş tədbir keçirilib. Tədbirdə GTU rektoru Arçil Pranqişvili çıxışında
bildirib ki, bu gün Gürcüstan ilə Azərbaycan arasında münasibətlər digər
sahələrlə yanaşı elm və təhsil sahəsində də uğurla inkişaf edir. Rektor
rəhbərlik etdiyi universitetin BMU ilə əməkdaşlığının genişlənməsində maraqlı
olduğunu vurğulayıb və bildirib ki, imzalanan memorandum əlaqələrin inkişafında
mühüm rol oynayacaq.

   

Professor Havar Məmmədov çıxışında Azərbaycan ilə Gürcüstan arasında dostluq münasibətlərinin tarixinə nəzər salıb.  Azərbaycanın hər zaman dost gürcü xalqının yanında olduğunu, əsası Ümummilli Liderimiz tərəfindən qoyulmuş dostluq siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən rektor, bu gün də ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini xüsusi qeyd edib. Professor Azərbaycanda təhsilin inkişafı, bu sahəyə göstərilən dövlət qayğısı, BMU-nun fəaliyyəti, beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib və GTU ilə əməkdaşlığın perspektivlərini yüksək qiymətləndirib.

   

Rəsmi çıxışlardan sonra BMU-nun rektoru, professor Havar Məmmədov və GTU-nun rektoru, akademik Arçil Pranqişvili əməkdaşlıq memorandumu imzalayıblar. Memoranduma əsasən iki universitet arasında kadr hazırlığı, müəllim və tələbə mübadiləsi, birgə elmi konfrans və dəyirmi masaların təşkili, elmi tədqiqatların aparılması və s. kimi məsələlər nəzərdə tutulur.

    
Daha sonra Arçil Pranqişvili tədbir iştirakçılarını Gürcüstan Texniki
Universitetin Elmi Şurasının qərarı ilə tanış edib. Bildirib ki, Elmi Şuranın
qərarı ilə texnika elmləri doktoru, professor Havar Məmmədov Gürcüstan Texniki
Universitetinin fəxri doktoru adına layiq görülüb. Havar Məmmədov bu fəxri ada
uzun müddət apardığı elmi araşdırmaların uğurlu nəticələrinə, dünya elminə,
eləcə də Azərbaycan və Gürcüstan universitetləri arasında əməkdaşlığın
inkişafına verdiyi töhfələrə görə layiq görülüb.

  
Tədbirdən sonra professor Havar Məmmədov GTU-nun maddi-texniki bazası
ilə tanış olub, universitetdə təhsil alan azərbaycanlı tələbələrlə görüşüb.
Azərbaycanlı tələbələrin qayğıları ilə maraqlanan rektor onlara tövsiyələrini
də verib.


Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*