Ərdoğan: “Onlardan inciməyim, kimdən inciyim?“


“Mən Ədalət və İnkişaf Partiyasında (AKP) Əli Babacana məsləhətçi vəzifəsini təklif etdim, qəbul etmədi. Daha sonra Özbəkistan prezidenti məndən köməkçi istədi. Bunu Əli bəyə təklif etdim. Təəssüf ki, buna da müsbət cavab vermədi”. Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün sabiq nazir Əli Babacanın AKP-dən istefa verərək çıxmasına münasibət bildirərkən deyib.
Daha sonra dövlət başçısı, Ə.Babacanın yeni partiya qurub-qurmayacağı haqqında danışıb: “O, hazırda bunu düşünmədiklərini, amma yeni bir platform üzərində işlədiklərini dedi. Mən də, “Yolunuz açıq olsun, ancaq bu milləti parçalamağa haqqınız yoxdur. Bu hərəkətlə bir şey əldə etməyəcəksiniz” dedim. Ona dedim ki, bu iş üçün çox yubanmasınlar. Tezliklə yeni partiyanı yaratsın, çünki hələ növbəti seçkilərə 4 il var”.
Ərdoğan Ə.Babacanla bir çox məslələdə anlaşmadıqlarını da qeyd edib: “Əli bəy AKP-də bəlkə də Türkiyədə ən gənc yaşlarında nazir vəzifəsinə təyin olunan biri idi. Onunla razılaşdığımız və razılaşmadığımız bir çox məslələr var idi. Onlardan biri də faiz məsələsi idi. Faiz mövzusunda heç zaman anlaşmırdıq”.
Ərdoğan sabiq Prezident Abdullah Gül və sabiq Baş Nazir Əhməd Davudoğlu ilə yollarının ayrılmasından da danışıb: “Baş nazir, prezident postunda olmuş şəxslərin haradan-hara necə  gəldikləri məlumdur. Bütün bunlarla bərabər bu yola başlayarkən hər şey yaxşı idi, ancaq vəzifədən ayrıldıqdan sonra mənsub olduqları partiyadan üz çevirirlər”.
Dövlət başçısı, “Babacan, Davudoğlu və Güldən incimisinizmi?” sualına “Onlardan inciməyim, kimdən inciyim?“ – deyə cavab verib.


Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*